Azərbaycan Dilindəki Ən Uzun Cümlə #1144

Ta qədimdən bu müasir dövrə qədər gəlib-keçmiş filosofların əksəriyyətinin bir-birinə zidd olan fikirlər irəli sürdüyünü və bu fikirlərin doğru olduğu qədər, yalnış olduğunu, yəni mükəmməl olmayan insanın qüsurlu beyninin məhsulu olduğunu başa düşəndə, xəyallarımın isti səhraları, qarlı dağları, coşqun dənizləri, saf sulu bulaqları, qorxunc bataqlıqları, tərk edilmiş xarabaları, barlı bağları ötüb keçərək, heç kimin varlığından xəbərdar olmadığı bir yerdə ailəyə, işə, inanca, məqsədə və uğruna yaşayacağı bir şeyə sahib olmayan səfil kimi dolaşdığının fərqinə varıb və işləməkdən əlləri qabar-qabar olmuş zəhmətkeşin bədəni qədər yorğun olan gözlərimi açıb, qarşımdakı qar kimi bəyaz vərəqə baxaraq, insan əli dəyməmiş böyük və sıx meşədə tək-tənha dolaşan yolunu azmış qəribin zülmət bir gecədə arxasında eşitdiyi amansız ayının nəriltisitək qorxunc ayaq səsləri ilə hər kəsin qəlbində deyil, dilində dolaşan "ideal" kəliməsinin mənasının belə ideal olmadığı bu dünyanı lərzəyə salan Monqolların işığı parlaq Ayınkına nisbətdə göydəki ulduzların ışıltısına bənzəyən şam kimi əriyib yox olmasının bizlərə bir ibrət olduğunu düşündüyüm sırada, ətrafımda eşidilən şiddətli səs-küyün məni fikirlərmdən ayırmasının verdiyi fikirsizlik hissi ilə bu qüsurlu və lazımsız yazını yazmağa davam edərkən, gözlərində baxdıqda yuxulu şəkildə o tərəf-bu tərəfə vurnuxan insanların hərdən başlarını qaldıraraq sürünün getdiyi istiqamətə baxıb, yenidən aşağı salmasından əcaib həzz alan zalım idarəçilərin əllərindəki qamçıların, sərxoş vəziyyətdə dolaşan insan sürüsünə enərkən hiss etdirdiyi ağrıya bənzər hisslər keçirərək xəyallara daldığım o iblisin saçları kimi uzun və incə bir yolda başıma gələn adı hadisələr yadıma düşəndə, hərkəsin özünü qeyri-adi və digərlərindən fərqli birisi kimi tanıdığı üçün, mənim adı olmağımın bir fərqlilik olduğuna inanıb, insanların mənasının nə olduğunu bilmədikləri hakimiyyət uğrunda bir-birlərinin nəslini kəsdikləri, azadlıq və demokratiya adı altında idarə edənlərin quldarlıq qədər acımasız olan kapitalist sistemin ipini çəkdikləri, adı kağız parçası üçün iki ayaqlı səfillərin ləyaqət, vicdan, namus və şərəflərini satdıqları, hamının danışıb, heç kəsin dinləmədiyi və anlamadığı, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi kimi gözəl rənglərin iyrənc bir məna ilə ləkələndiyi və əxlaqsızlığın simvoluna çevrildiyi, dünyanın azlıqlar səbəbi ilə rəngsizləşdiyi, bərabərlik və sülh tələb edənlərin irq, milliyyət, din, cins arasındaki uçurumu dərinləşdirdiyi, cihazların onları ixtira edənlərdən ağıllı olduğu, var olan sistemin pozulması ilə birlikdə, əslində var olduğuna inandığımız sistemin var olmadığının yavaş-yavaş başa düşüldüyü, heyvani hisslərdən daha alçaq olan hisslərlə, yəni "insani" hisslərlə hərəkət edənlərin hər fürsətdə pay qoparmağa çalışdığı və hərkəsin yalnız özünü sevdiyi texnologiya əsrinin fenomen virusla, havada uçuşan roketlərlə, milyonlarla canlının ölümünə səbəb olan dəhşətli yangınlarla, dağıdıcı zəlzələlərlə, dövlətlərarası münaqişələrlə, eyni zamanda bütün bunlara qarşı duyarlı olduğumuzu göstərən bir tweet atıb və ya post paylaşıb, sonrasında normallaşdıraraq həyatımıza davam etməklə başlayan bu ilində, gələcək həyatımı gözəlləşdirmək üçün çox çalışmalı olduğumu bildiyim halda heç bir şey etmədiyimi gördükdə, bir insanın digərinin əvvəl belinə, oradan çiyninə, sonra isə başına ayaqlarını sıra ilə qoyaraq hər zaman yuxarı çıxdığına şahid olduqda, yuxarını arzuladığım halda dayanmadan düz getdiyimi bildiyim üçün, sürünən olduğuma inanıb, heç bir zaman qartallar kimi uça bilməyəcəyimi özümə təlqin edərək, hər gün daha pis vəziyyətə düşdüyümü hiss etmədən, boş və gərəksiz işlər üçün özümü gördüğüm zaman, hər keçən dəqiqənin çox qısa olan ömrümdən getdiyini nəzərə almadığımı təəssüf hissi ilə xatırlayaraq, gursulu Niagara şəlaləsindən qayıqla keçək, qızıldərililər arasında "Uzun Karabin" ləqəbi ilə tanınan, mahir nişançılardan biri sayılan, İngilis və Fransızların qızldərililərin torpaqları uğrunda apardıqları amansız savaşlarda hinduların nəslinin kəsilməsinə şahid olan, durğun Orionto gölündəki o gəmidə ən yaxın dostuna iftira atılarkən əlindən bir şey gəlməyən və yenə bir gün o dostunu təmizə çıxarıb, dostluq uğruna sevgisindən vaz keçən qoca ləpirçinin mütləq nə vaxtsa hissetdiyi hər hansısa bir hissə bənzəyən duyğularla ayağa qalxmadan, balaca otağımın tozlu pəncərəsindən işıqlı küçəyə baxaraq, qızıl çəngəl, metal qələm, zəncirli saat, qara kostyum, böyük və ehtişamlı gəmi, arpa çörəyi və səhifələri saralmış kitaba sahib olan dənizçinin insanın tüklərini biz-biz edən fırtına ilə üz-üzə gəldiyi an, varlığının bu yoxluq olduğunu anladığı kimi varlığımın bir heç olduğunu anladım, alçaldıcı gücə sahib olmanın verdiyi təkəbbürlük hissi ilə şöhrət pillələrini addım-addım çıxmaq, dərədə olan "zirvəyə" çatmaq üçün qan-tər içərisində ölənə qədər çalışmaq, hisslər, özünü ifadə etmə ehtiyacı, yuxusuzluq və sevən insan qaçarkən onu qəfil yaxalayan ölüm arasındakı uyğunluğu tapmağa çalışdığım sırada hər əlinə qələm alan gəncin, beyninin yüz iyirmi faizini işlədirmişcəsinə özündən razı halda əcaib şeylər yazdığını, bunu digərləri ilə paylaşıb, özünü dahi şəxsiyyət hesab etdiyini, özünə tükənmiş, miskin, yoxsul, səfil, dünyagörmüş lakin ağ gün görməmiş dərviş görkəmi verərək, çəlləkdə yaşayan Diogen kimi müdrik olduğunu başqalarına təlqin etdiyini, işin içərisinə çürümüş fəlsəfə və çeynənmiş tənqid qataraq bir yazısında insanları sülhə, digər yazısında axan qanın damarda durmadığı savaşa səslədiyini, özünü ifşa edən yazılar yazaraq, əslində göründüyü kimi olmadığını göstərməyə çalışdığını düşünərək, əlimdəki sınıq qələmi üzərisi köhnə kitablarla və cırılmış səhifələrlə dolu olan tozlu masamın üstünə qoyub, qaranlıq otağı tərk etdiyimi və sonra gözəl bir yay səhəri taladakı qarğanın yerdə eşələnərkən çıxardığı səsin acizanə sədası altında sərin küləyin təsiri ilə rəqs edən yaşıl yarpaqlara baxıb, qanayan yarasını bir parça köhnə əsgi ilə silən üzü qırışmış qoca alimin fikirləri kimi dolaşıq fikirlər içərisində, bəzən Amazon, bəzən isə Kür kimi axan suyun hərarətini özünə, ailəsinə sərvət qazanmaq üçün, illərlə gecə-gündüz demədən çalışaraq, xalqı soyub talayan siyasətçi yorğun və yenicə doğmuş bir uşaq kimi zərif olan bədənimdə hiss etdiyimi xatırladım, hər zaman üzərimizdə olub, bizə bəzən Qaradənizin çılğın sularıtək mavi, bəzən günahlarla dolu olan qəlbimiz qədər qara, bəzən isə bir gün bəlkə də hamımızın yanacağı alov kimi sarı görünən əsrarəngiz səmadakı ulduzlar kimi və ya Molla Nəsrəddinin məşhur uzunqulağının quyruğundakı tüklər kimi saysız-hesabsız problemlərlə baş-başa olduğumuzu, hər yerindən duran adamın bu problemlərdən danışdığı, onları həlledə biləcək gücə sahib olduğunu hiss etdirdiyi, lakin nə bir çözüm irəli sürüb, nə öz problemləri ilə başa çıxa bildiyi, hətta üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirməkdən və vətəninə, inancına, ailəsinə, yoldaşlarına olan borclarını ödəməkdən boyun qaçırdığı bu dumanlı dövrdə on altı mərtəbəli hündür binanın on beşinci mərtəbəsindəki ən geniş mənzilin gözümüzə taxmış olduğumuz şüşəsi tozlu çərçivə kimi kiçik otağının mümkünsüz arzularımız qədər böyük pəncərəsindən bir məhkumtək aciz, hakimtək laqeyd və o donmuş böyük adamın əlləritək soyuq baxışlarla baxıb, buz kəsən şaxtalı havada isti, rahat, işıqlı, səliqəli evdə küncdəki sobanın yanında əyləşərək, isti şokoladı yudumlayarcasına əlimdəki limonlu çayımı içə-içə, gələcək dediyimiz şeyin əslində bir keçmiş olduğunu anlamadan süni zəkalar proqramlayıb, hər gün yeni icadlar edib, texnologiya və elmdə çox irəlidə olduğumuza sadəlövhcəsinə inanıb necə inkişaf etdiyimizi acı hissi ilə düşünərək, geniş, zənginlərə aid olan dəbdəbəli evlərin yerləşdiyi, buna baxmayaraq həmişə səs-küylü olan küçədən keçən, bəzən dayanıb bir-birləri ilə görüşən, sözləri standart çərçivəyə salıb, soyub bir səslə qeyri-səmimi şəkildə hal-əhval tutan ikiayaqlı canlıların yalnızca hisslərlə yaşadıqlarını və ağıl dedikləri şeyin belə, bir hiss olduğunu bir gün başa düşəcəklərini arzulamağı, hər kəsin səsini kəsərək başını aşağı salıb öz işini lazımınca yerinə yetirəcəyi gün xoşbəxt inək südündən hazırlanmış köpüklü ayranımı içə-içə boş sözlər yığınından ibarət olacaq bir kitab yazmağı, heç kimin oxumayacağı bir kitab yazmazdan əvvəl, adam olmağı planladıqdan sonra, sıxıcı günlərin ard-arda keçib getməsi ilə birlikdə, bu qarışıq fikirlərin qoz ləpəsinə bənzəyən beynimdəki varlığına son qoydum və cənab prezidentimizin uğurlu siyasəti nəticəsində gündən-günə gözəlləşən bu gözəl diyarın bir dilbər guşəsinə çəkilib, o böyük insanın canına duaçı oldum.

Yuxusuz gecələrimə ithafən
#125
shirinlia

Yorum Gönderme

0 Yorumlar